Ədliyyə naziri Biləsuvar rayonunda hakimlərlə müşavirə keçirib
- 27 yanvar, 2017
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 yanvar. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Biləsuvar rayonunda Biləsuvar, Salyan və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.
Müşavirədə dövlət başçısının insanlara daim qayğı və nəzakətlə xidmət göstərilməsi, bu zaman etik davranış qaydalarına ciddi riayət olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.
Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, əmək və icra intizamının möhkəmləndirilməsi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.