Döyüş yoldaşı: Mehriban Qarayeva düşmən pusqusuna düşərək qəhrəmancasına şəhid oldu

Daxili siyasət
  • 20 fevral, 2026
  • 12:09
Döyüş yoldaşı: Mehriban Qarayeva düşmən pusqusuna düşərək qəhrəmancasına şəhid oldu

Mehriban Qarayeva düşmən pusqusuna düşərək qəhrəmancasına şəhid oldu.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Sumqayıtdan olan xanım itkin-şəhidin döyüş yoldaşı Vidadi Əsgərov onunla bağlı xatirələrini bölüşərkən deyib.

O bildirib ki, Mehriban Qarayeva müharibə başlamazdan əvvəl Ağdama yollanıb:

"Mehriban kəndə gəldiyi ilk gündən döyüşlərə hazır idi və böyük inamla tapşırıqları gözləyirdi. Hərbi əməliyyatlar başlayandan sonra bölük komandirinin əmrinə uyğun olaraq iki yaşayış məntəqəsi düşməndən azad olundu. Lakin qarşı tərəf bir müddət sonra əks-hücuma keçdi. Mehriban sürücü və daha bir neçə hərbçi ilə birgə komandirin göstərişi ilə avtomobillə mövqedən uzaqlaşdı. Ancaq yolda düşmən pusqusuna düşərək qəhrəmancasına şəhid oldu".

Vidadi Əsgərov döyüş yoldaşını sadəliyi, mərdliyi və vətənə sonsuz bağlılığı ilə xatırladığını da vurğulayıb.

Qeyd edək ki, M.Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.