Dövlət Proqramı Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxaracaq - RƏY

Daxili siyasət
  • 13 yanvar, 2026
  • 16:37
Dövlət Proqramı Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxaracaq - RƏY

Bakı və Abşeron yarımadasında 2026-2035-ci illəri əhatə edən su təminatı, habelə yağış və tullantı suları sistemlərinin modernləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı ölkədə ekoloji dayanıqlılığı hədəfləyən strateji sənəddir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, "ağıllı su şəbəkələri"nin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret iki mərhələli fəaliyyət planı nəzərdə tutulur:

"Burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur. Sənədin əsas məqsədi əhalini fasiləsiz içməli su ilə təmin etmək, subasma risklərini aradan qaldırmaq və bölgənin ekoloji təhlükəsizliyini gücləndirməkdir. Dövlət Proqramında, həmçinin, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyənləşib".

Deputat bildirib ki, dünya əhalisinin dörddə biri, yəni 2,2 milyarddan çox insan su qıtlığından əziyyət çəkir:

"Bu çatışmazlığı aradan qaldırmaq üçün dəniz suyunun duzsuzlaşdırılması, yağış suyunun təkrar istifadəsi və tullantı sularının təmizlənərək suvarmada tətbiqi kimi alternativ su mənbələrinin əldə olunması istiqamətində innovativ həllər su problemində istifadə olunur. Ölkəmizdə də artıq bu yeniliklərə start verilir. İnnovativ resurs idarəçiliyi modelinə keçid edilir. Alternativ su mənbəyi kimi dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi ekoloji tarazlığın qorunmasına və su təhlükəsizliyinin təmin edilməsinə bir neçə mühüm istiqamətdə təsir göstərir. Bu da təbii su mənbələri üzərindəki yükün azaldılması deməkdir".

Milli Məclisin üzvü qeyd edib ki, qlobal iqlim dəyişiklikləri və yağıntıların azalması səbəbindən Şollar, Xaçmaz və Kür kimi ənənəvi su mənbələrinin məhsuldarlığında azalma tendensiyası müşahidə olunur:

"Dəniz suyunun duzsuzlaşdırılması vasitəsilə illik 100 milyon kub/metr əlavə suyun istehsalı tükənən təbii mənbələrdən və yeraltı sulardan asılılığı azaldaraq həmin ekosistemlərin qorunmasında və su resurslarının mühafizəsində mühüm rol oynayır. Təbii ki, Xəzərin suyunda duzluluğun az olması da prosesi asanlaşdıran amildir. Bundan həm məişətdə, həm də kənd təsərrüfatında suvarma məqsədləri ilə istifadə edilə biləcək. Digər tərəfdən, iqlim risklərinin neytrallaşdırılması, buna mitiqasiya tədbirləri də deyə bilərik. İqlim dəyişmələri nəticəsində yaranan su qıtlığı risklərini aradan qaldırmaq üçün alternativ su mənbələrinin istifadəyə verilməsi su təminatını daha dayanıqlı və iqlim amillərindən az asılı vəziyyətə gətirərək ölkədə ekoloji dayanıqlığı dəstəkləyəcək".

P.Vəliyeva həmçinin vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində alternativ su mənbələrindən istifadə zamanı ətraf mühitə yarana biləcək mənfi təsirləri minimuma endirmək məqsədilə xüsusi ekoloji təsir qiymətləndirmələrinin aparılması nəzərdə tutulur:

"Bu, həm dəniz ekosisteminin qorunmasına, həm də təmizləmə texnologiyalarının müasir ekoloji standartlara uyğunlaşdırılmasına xidmət edir. Beləliklə, Dövlət Proqramın reallaşması Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxararaq onu "ağıllı", itkisiz su sistemləri ilə əvəz edəcək. Bu da ölkənin həm iqtisadi inkişafını sığortalayacaq, həm də əhalinin həyat keyfiyyətini köklü şəkildə artıracaq".