Deputat: Hərbi parad xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir
- 09 noyabr, 2025
- 12:54
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm Hərbi paradın keçirilməsi Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Bakı şəhərində keçirilən Hərbi parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyasından ötrü mühüm hadisə oldu. Bu paradın keçirilməsi müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də növbəti əyani təsdiqidir.
Bu fikirləri "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bütün qoşun növlərini əhatə edən hərbçilərlə yanaşı, hərbi texnikaların keçidi Ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir:
"Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 22 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Hərbi paradda ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, Ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu".
Səbinə Salmanova xatırladıb ki, 5 il əvvəl, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı Azərbaycan tarixində milli qürurun, Ordumuzun gücünün və xalqımızın iradəsinin təntənəsi olmuşdu. 2023-cü ildə Xankəndidə keçirilən Hərbi parad da Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu dünyaya bəyan etmişdi:
"Bu gün Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəmizin beşinci ildönümünə həsr olunmuş Hərbi parad isə yalnız hərbi gücümüzün nümayişi deyil, həm də xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir. Dövlətimizin başçısı hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçiləndə bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Hər sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi. Azərbaycan xalqı bu şanlı Zəfərlə hər zaman fəxr edəcək. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir", - deyə o diqqətə çatdırıb.
Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirak etməsi və çıxışları bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan–Türkiyə-Pakistan dostluğu və qardaşlığı sarsılmaz, əbədi və strateji təməllər üzərində qurulub:
"Paradda Türkiyə və Pakistan hərbçilərinin nümunəvi keçidinin isə siyasi və rəmzi mənası var idi. 44 günlük Vətən müharibəsinin ilk günündən sonunadək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Dövlətimizin başçısı çıxışı zamanı da bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Bundan başqa, Prezident İlham Əliyev Pakistan dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstək və həmrəyliyi yüksək qiymətləndirdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan dostluq, qardaşlıq münasibətləri, sadəcə, siyasi əlaqə deyil, həm də ortaq dəyərlər, tarixi bağlar və gələcəyə yönəlmiş strateji əməkdaşlıqdır".