Daşbulaqdakı tut bağlarında 25 nəfər daimi, 750 nəfər isə mövsümü işlərə cəlb ediləcək

Daxili siyasət
  • 17 sentyabr, 2025
  • 13:16
Daşbulaqdakı tut bağlarında 25 nəfər daimi, 750 nəfər isə mövsümü işlərə cəlb ediləcək

Xocalı rayonunun Daşbulaq kəndində salınan 13 hektarlıq tut bağlarında 25 nəfər daimi, 750 nəfər isə mövsümü işlərə cəlb ediləcək.

"Report"un Xocalıya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Prezidentin izi ilə bölgəyə təşkil olunan mediatur çərçivəsində deyib.

O qeyd edib ki, gələn ildən başlayaraq Xocalı rayonu ərazisində baramaçılığın inkişafı üçün işlər görüləcək:

"Bunun üçün ilkin olaraq yem bazasının yaradılması yönündə işlərə başlanılıb. Rayon ərazisində Çindən idxal olunmuş 130 min ting əkilib. Tut bağında ağacların inkişafı məqsədilə damcı suvarma sistemi yaradılıb. 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının yığılması planlaşdırılır.

Afət Telmanqızı

Barama istehsalının gələn ildən başlayaraq 5 il ərzində 60 ton olması proqnozlaşdırılır. Yem bazasının daha da artırılması üçün bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcı suvarma sisteminin tətbiqi, həmçinin təqribən 1,5 milyon tingin əkilməsi nəzərdə tutulub.

Tut bağlarının klaster modeli əsasında salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, eləcə də 7 məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi, 750 nəfər isə mövsümü işlərə cəlb ediləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti