Daşaltı şəhidinin döyüş yoldaşı: "Nofəl Şuşa döyüşlərinin önəmli döyüşçülərindən olub"
- 25 avqust, 2023
- 10:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Nofəl Şuşa döyüşlərinin önəmli döyüşçülərindən biri olub".
Bunu "Report"a açıqlamasında 31 il əvvəl 1-ci Qarabağ döyüşlərində itkin düşən, 31 ildən sonra meyitinin qalıqları Daşaltıda tapılan Nofəl Qurbanovun döyüş yoldaşı Elşad Nərimanov deyib.
O bildirib ki, Nofəllə bağlı bu xəbəri eşidəndə çox sevinib:
"Nofəl Daşaltı əməliyyatı istiqamətində döyüşlərdə ayağından yaralanmışdı. O, əməliyyata məndən qabaq girmişdi. Özümü bu günə kimi bağışlaya bilmirəm ki, onu yaralı halda döyüş meydanından çıxara bilmədim".
Nofəl Qurbanovun digər döyüş yoldaşı Mübariz Səadətov da "Report"a deyib ki, 31 il idi gözləri yolda idi:
"Kədərlənirəm ona görə ki, o, şəhid oldu. Sevinirəm ki, heç olmasa, nəşi tapılıb. Nofəlin ruhu indi şaddır. Arzu edirəm ki, digər döyüş yoldaşlarımdan da tezliklə bir xəbər çıxsın. Mən buna inanıram. Daşaltı azad olunduğu gün mənəvi cəhətdən rahatladım. Artıq orada döyüşərək şəhid olanların ruhu şaddır".