Zəfər Günü Cənub rayonlarında müxtəlif tədbirlərlə yadda qalıb
- 08 noyabr, 2023
- 15:34
Zəfər Günü Cənub rayonlarında müxtəlif tədbirlərlə yadda qalıb.
“Report”un Cənub bürosunun məlumatına görə, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, yerli icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini və xiyabanda dəfn olunmuş şəhidlərin məzarını ziyarət edib və üzərinə tər çiçəklər düzüb. İcra başçısı şəhid ailələrin üzvləri və yerli ictimaiyyətin nümayəndələri ilə söhbət edib, hər birini Zəfər Günü münasibəti ilə təbrik edib.
Sonra tədbir iştirakçıları şəhərin mərkəzi küçəsi olan Qala Xiyabanı küçəsində Zəfər Gününə həsr olunan rəsm sərgisini ziyarət ediblər.
Daha sonra Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 Günü” adlı tamaşaya nümayiş olunub. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük Zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.
Qeyd edək ki, Zəfər Günü ilə bağlı Lənkəranda gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə idman yarışları, müsabiqələr, sərgilər, flaşmoblar keçirilib. “Yaddaş saatı” aksiyası çərçivəsində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunub.
Zəfər Günü ilə əlaqədar Astara rayonunda da bir sıra tədbirlər keçirilib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri şəhidlərin Xatirə Kompleksini ziyarət edilib. Zəfər Parkında Şanlı Qələbəmizi əks etdirən abidənin önünə əklil qoyulub.
Gənclər, tələbələr və məktəblilərdən ibarət dəstə Azərbaycanın Dövlət Bayrağı ilə Heydər Əliyev prospekti boyu yürüş edərək Zəfər Parkında tədbirə qoşulublar.
Zəfər Günü münasibəti ilə Lerik şəhərində də ümumrayon tədbiri və konsert proqramı keçirilib. Tədbirlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.