Böyük Qayıdış: Ümumilikdə 32 yaşayış məntəqəsinə köç olub
- 29 dekabr, 2025
- 10:09
Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 32 yaşayış məntəqəsinə - 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Zabux, Sus və Bəylik kəndləri; Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub.
Eyni zamanda, köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib.