BMTM-də "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş dəyirmi masa keçirilib
- 05 noyabr, 2025
- 13:12
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş dəyirmi masa və bu mövzu ilə əlaqədar elan olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Report" xəbər verir ki, dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, qurumun şöbə müdiri Vasif Hüseynov, Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Orxan Vəliyev və digərləri çıxış ediblər.
F.Şəfiyev Azərbaycanın xarici siyasətinin əsas prioritetləri və beynəlxalq gündəmin aktual məsələləri barədə məlumatlılığın artırılmasının vacibliyinə diqqət çəkib:
"Bu istiqamətdə mərkəzin həyata keçirdiyi konkret fəaliyyətlər var. BMTM-də gənc ekspertlər üçün mütəmadi olaraq təcrübə proqramları təşkil edilir, xarici ölkələrdən də bu istiqamətdə müraciətlər daxil olur".
BMTM-in şöbə müdiri Vasif Hüseynov "Konstitusiya və Suverenlik ili" çərçivəsində elan edilən müsabiqəyə böyük marağın olduğunu vurğulayaraq bu təşəbbüsü gənc tədqiqatçıların aktual mövzular üzrə siyasi tövsiyələr irəli sürməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.
Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Orxan Vəliyev müasir dövrdə suverenlik anlayışının məzmununa toxunub: "Milli suverenlik anlayışı artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda süni intellekt və texnoloji sahələrdə də öz əksini tapır".
Daha sonra tədbir çərçivəsində BMTM tərəfindən cari ilin avqust ayında "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqə qalibləri Nuray Süleymanova "Azərbaycan–Ermənistan sülh prosesi: cari çağırışlar və perspektivlər", Süleyman Zeynallı "Mnemonik Konstitusiya: Azərbaycanda suverenlik və kollektiv yaddaş" və Rahil Dadaşlı "İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi dinamikanın təkamülü: Ermənistan və Azərbaycanın xarici siyasətinin yenidən istiqamətləndirilməsi" mövzularında təqdimatlarla çıxış ediblər.