Binəqədidə "Zəfərin qəhrəmanları: şəhidlər və qazilər" mövzusu müzakirə olunub

Daxili siyasət
  • 03 noyabr, 2025
  • 20:37
Binəqədidə Zəfərin qəhrəmanları: şəhidlər və qazilər mövzusu müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Binəqədi rayonunda "Zəfərin qəhrəmanları: şəhidlər və qazilər" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov qeyd edib ki, gənclərin milli ruhda tərbiyə alması dövlətin mənəvi dayaqlarının möhkəmlənməsinə xidmət edir. O, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqətin bu istiqamətdə xüsusi önəm daşıdığını bildirib. Natiq gəncləri xalqa, dövlətə və mənəvi dəyərlərə daim sadiq olmağa çağırıb.

Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdir müavini Samir Yoldaşov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik və ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu xalqın birliyini və milli ruhunu bütün dünyaya nümayiş etdirdi. S.Yoldaşov bildirib ki, bu qələbə şəhid və qazilərin misilsiz qəhrəmanlığı sayəsində mümkün olub.

Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə xalqın birliyinin, igid övladların qəhrəmanlığının və dövlətin gücünün parlaq təzahürüdür. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə davam etdirilir.

Binəqədi Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə qazısı Rəfail Abbasov, İdrak liseyinin əməkdaşı İdris Alışov, Vətən müharibəsi qazisi Ruslan Şıxıyev və başqaları milli həmrəylik və qəhrəmanlığın əhəmiyyətindən danışıblar. Gənclərin bu dəyərləri mənimsəməsinin önəmini qeyd ediblər. Eyni zamanda Azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin vacibliyindən bəhs edilib.

Tədbirin sonunda lisey şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub, vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib.

Qeyd edək ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət qurumlarının nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və din xadimləri iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti