Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Daxili siyasət
  • 23 dekabr, 2025
  • 11:59
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Binəqədi rayon prokurorluğunun dekabrın 23-də yeni inzibati binasının açılışı olub.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb.

Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Əlavə olaraq qeyd olunub ki, yeni binada "Elektron Prokurorluq" informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.

Baş prokuror çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasının ölkədə müasir infrastrukturun formalaşdırılması, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və dövlət qurumlarının fəaliyyətində funksionallıqla estetik tələblərin vəhdətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Kamran Əliyev vurğulayıb ki, Binəqədi rayon prokurorluğunun yeni inzibati binası da bu strateji yanaşmanın bariz nümunəsi olmaqla, müasir memarlıq həlləri, funksional planlaşdırma və vətəndaş yönümlü xidmət prinsiplərini özündə birləşdirir. O bildirib ki, bu cür layihələr hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə yanaşı, şəhərsalma siyasətinin tələblərinə uyğun davamlı və müasir iş mühitinin yaradılmasına xidmət edir.

Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağaclar əkiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti