Biləsuvarda “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilib
- 03 noyabr, 2022
- 13:57
Biləsuvarda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni və torpaqlarımızın azadlığı yolunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.
Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.
Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı bədii proqramla yekunlaşıb.