Baş Prokurorluq Zəngilanda Zəfərin beş illiyinə həsr olunan konfrans keçirib - YENİLƏNİB
- 05 noyabr, 2025
- 11:36
Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfrans təşkil olunub.
"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb.
Baş prokuror bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunmuş, dövlət suverenliyi tam təmin edilib.
K.Əliyev həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi və sonrakı bərpa–quruculuq dövründə göstərdiyi humanitar və mənəvi liderlik fəaliyyətini yüksək dəyərləndirib. O, Birinci vitse-prezidentin qayğısı sayəsində şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş insanlara göstərilən dəstəyin Azərbaycan dövlətinin sosial ədalət siyasətinin bariz nümunəsi olduğunu bildirib.
Baş prokuror çıxışında işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquqi sistemin bərpası və qanunçuluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb, bu sahədə qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.
Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, qısa müddətdə müasir infrastrukturun qurulduğunu qeyd edib. O, Zəngilan rayonunda keçirilən bu kimi tədbirlərin dövlətçiliyimizin möhkəmlənməsinə və Zəfərin ideoloji dəyərinin gənc nəslə ötürülməsinə xidmət etdiyini vurğulayıb.
Hərbi prokuror, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.
Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov hərbi sahədə şəffaflıq və qanunçuluğun təmin edilməsi istiqamətində görülən tədbirləri, həmçinin Baş Prokurorluqla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət Sərhəd Xidməti (DSX) Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təminində əldə olunan uğurları, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastruktur və xidmət şəraitini iştirakçılara təqdim edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb və ölkəmizin regionda sülhün və sabitliyin təminatçısına çevrildiyini qeyd edib.
Zəngilan rayon prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən "Qarabağ Azərbaycandır!" kitabının II cildinin təqdimatı keçirilib. Təqdimatda məlumat verilib ki, kitabın yeni nəşri Vətən müharibəsi dövründə və sonrakı bərpa mərhələsində hüquq-mühafizə orqanlarının fəaliyyətini, ədalətin bərpası istiqamətində görülmüş işləri və beynəlxalq hüququn tətbiqi məsələlərini əhatəli şəkildə təqdim edir. Kitabda həmçinin işğaldan azad edilmiş ərazilərdə dövlətçilik, hüquq və təhlükəsizlik sahəsində həyata keçirilmiş tədbirlər, müharibə zamanı və sonrasında prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirləri barədə geniş məlumatlar yer alıb. Təqdimat zamanı tədbir iştirakçılarının bir qisminə kitabın nüsxələri hədiyyə olunub, Zəfərin ideoloji və tarixi əhəmiyyəti geniş auditoriyaya çatdırılıb.
Konfrans çərçivəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, mövzu ətrafında müzakirələr aparılıb və sonda xatirə fotoşəkli çəkilib.
Baş Prokurorluq Zəfərin beşinci ildönümü münasibətilə Zəngilan Konqres Mərkəzində "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfrans keçirir.
"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, hərbi prokuror Bəhruz Əhmədov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ağalı kəndində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü və Zəngilan Şəhidlər xiyabanını ziyarət ediblər.