Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının yekun bəyanatı qəbul edilib
- 03 sentyabr, 2026
- 16:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq minatəmizləmə konfransının yekun bəyanatı qəbul edilib.
"Report" xəbər verir ki, bəyanatı ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev səsləndirib.
Bəyanatda bildirilir ki, minalardan təsirlənmiş ərazilərdə şəhərlərin bərpası, təhlükəsiz qayıdış, dayanıqlı əhali və davamlı inkişaf üçün humanitar minatəmizləmənin rolu barədə müzakirələr aparılıb.
Konfrans iştirakçıları uşaqlar, qadınlar və digər qeyri-döyüşçülər də daxil olmaqla, mülki şəxslərin ölümünə, yaralanmasına və travma almasına səbəb olan minaların və müharibənin partlayıcı qalıqlarının dağıdıcı və ayrı-seçki qoymayan təsiri ilə bağlı dərin narahatlıq ifadə ediblər.
Eyni zamanda mina və partlayıcı sursatlarla çirklənmənin təhlükəsiz qayıdış, yenidənqurma, şəhərlərin bərpası, infrastrukturun inkişafı, kənd təsərrüfatı, dolanışıq vasitələri və daha geniş sosial-iqtisadi tərəqqi üçün ciddi maneə olaraq qaldığını tanıyıblar.
Münaqişədən təsirlənmiş şəhərlərin, qəsəbələrin və kəndlərin bərpası, eləcə də təhlükəsiz, davamlı və dayanıqlı yaşayış məntəqələrinin yaradılması üçün humanitar minatəmizləmənin vacib şərt olduğunu qəbul edib, təhlükəsiz torpaqların köçkün əhalinin geri qayıtması, mənzil və ictimai infrastrukturun yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların və zəruri xidmətlərin yenidən açılması və sosial və iqtisadi həyatın dirçəldilməsi üçün təməl olduğu vurğulanıb.
"Minalardan təsirlənmiş ölkələrdə humanitar minatəmizləmə fəaliyyətinin şəhərlərin bərpası, yenidən qurulması, təhlükəsiz qayıdış və dayanıqlı inkişaf proseslərinə tam inteqrasiyasına, təhlükəsiz yaşayış məntəqələrinin bərpası, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması və köçkün əhalinin öz doğma yerlərinə qayıtması üçün minaların təmizlənməsinin ilk və ən vacib şərtlərdən biri hesab edilməli olduğunu vurğulayırıq. Mina çirklənməsinin böyük humanitar, sosial və iqtisadi nəticələrinin aradan qaldırılmasında Azərbaycanla, eləcə də minadan zərər çəkmiş bütün ölkələrlə həmrəylik ifadə edirik və beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərini daha da dəstəkləməyə çağırırıq", - bəyanatda bildirilib.
Bəyanatın sonunda humanitar mina fəaliyyətinin təhlükəsiz qayıdış, dayanıqlı icmaların formalaşdırılması, şəhərlərin davamlı bərpası və uzunmüddətli sülh üçün təməl kimi təşviq edilməsinə dair ortaq öhdəliyik bir daha təsdiq edilib.