Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
- 22 may, 2026
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şəhərlər və yaşayış məskənləri salarkən təhlükəsizliyi xüsusilə diqqətdə saxlayır.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların şəhərsalma və iqlim məsələlərində iştirakı prioritetlərdəndir:
"Azərbaycan bu məsələlərdə dəstək verməyə hazırdır. Əlbəttə ki, beynəlxalq əməkdaşlıq da çox önəmlidir. Qadınlar üçün bərabərliyin təmin olunması istiqamətində çoxsaylı layihələr hazırlana bilər. Bu məsələlərdə əməkdaşlığa hazırıq".
B.Muradova bildirib ki, ilk növbədə, milli, regional və yerli səviyyədə hüquqi və institusional mexanizmlər qadınların torpaq və mənzil hüquqlarına təhlükəsiz və bərabər çıxışını daha effektiv təmin etməlidir:
"Bu yanaşma yalnız qanunvericilik səviyyəsində deyil, həmçinin kredit resurslarına çıxış, sosial mənzil proqramları, maliyyə inklüzivliyi və sosial müdafiə mexanizmlərində də öz əksini tapmalıdır. Azərbaycanın bu sahədəki unikal təcrübəsi də digər ölkələr və beynəlxalq təşkilatlar üçün maraqlı və tətbiq üçün faydalı ola bilər".