Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib - RƏY
- 31 iyul, 2026
- 16:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Qırğızıstan arasında son illərdə müşahidə olunan yüksək səviyyəli siyasi dialoq və intensiv qarşılıqlı səfərlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır:
"Beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əsas yer tutur. Azərbaycan bugünədək Qırğızıstana 7 milyon ABŞ dollarından çox humanitar yardım göstərib.
Bu gün imzalanan sənədlər, xüsusilə "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə", iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Bu, təkcə siyasi iradənin ifadəsi deyil, həm də müxtəlif sahələrdə uzunmüddətli və koordinasiyalı əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi deməkdir".
"Bütövlükdə, imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərini siyasi dialoq mərhələsindən çıxararaq müttəfiqlik, iqtisadi inteqrasiya və institusional əməkdaşlıq mərhələsinə yüksəldir. Bu isə həm ikitərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha dərin və praktik məzmun qazanmasına xidmət edəcək" - P.Vəliyeva əlavə edib.