“Azərbaycan dövlətinin siyasəti xalqımızın iradəsini əks etdirir” - RƏY
- 22 noyabr, 2022
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan dövlətinin siyasəti xalqımızın iradəsini əks etdirir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, ölkəmiz ulu öndər Heydər Əliyevin vəsiyyəti əsasında və milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir.
Azərbaycanda gənc nəsilin milli ruhda böyüdüyünü, azərbaycançılıq ideyalarına sadiqlik nümayiş etdirdiyini vurğulayan A.Hüseynov söyləyib ki, bu gün ölkədə xalq-iqtidar birliyi mövcuddur.
Onun fikrincə, məhz bunun sayəsində Qarabağda əldə edilən qələbəni möhkəmləndirmək və müharibənin vurduğu yaraları sağaltmaq, Azərbaycanın iqtisadi inkişafını daha geniş üfüqlərə çatdırmaq qarşıda duran əsas məqsədlərdəndir: “Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri geniş vüsət alıb. Qısa müddət ərzində bölgənin mənzərəsi xeyli dəyişib. İşğaldan azad edilmiş rayonları birləşdirən yolların salınması, dəmir yollarının inşası, su, elektrik, qaz çəkilişinin aparılması və ümumiyyətlə Böyük Qayıdışın təmin edilməsi üçün görülən işlər təqdirəlayiqdir. Bunu qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngəzur Beynəlxalq Hava Limanının açılışı zamanı dediyi fikirlər də təsdiqləyir”.
O bildirib ki, Azərbaycan xalqı indi qurub-yaradır, Qarabağı, Şərqi Zəngəzuru yenidən dirçəldir: “Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövr başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 30 illik yubiley mərasimində çıxışı zamanı dediyi kimi, bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qaytsınlar”.
A.Hüseynov qeyd edib ki, xalqımız Azərbaycan Ordusu ilə fəxr edir: "Çünki bu ordu döyüş meydanında öz gücünü göstərib, 44 günlük müharibənin yekunu olaraq Şuşa kimi təbii qalanı, istehkamı yağı düşməndən təmizləyərək adını dünyanın hərb tarixinə qızıl hərflərlə yazıb".
Deputat söyləyib ki, dünyanın aparıcı ölkələrinin hərbi mütəxəssisləri hələ də Azərbaycan Silahlı Qüvvələrinin taktikasını və bacarığını öyrənməklə məşğuldur, Şuşanın sıldırım qayalarına dırmaşaraq düşməni yalın əllə məhv edən oğullarımızın ürəyindəki vətənpərvərlik hissinin haradan qaynaqlandığının axtarışındadırlar:
“Bu hadisədən, 8 noyabrda Şuşanın erməni işğalçılarından təmizlənməsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəsini verməsi və etdiyi çıxış hələ də yaddaşlardadır. Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirində çıxışı zamanı Prezident İlham Əliyev bunu bir daha xatırlatdı və dedi: "Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi”. Bəli, Ali Baş Komandanımız ata vəsiyyətini yerinə yetirdi, Qarabağın, Şərqi Zəngəzurun 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoydu”.
A.Hüseynov bildirib ki, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycanın 200 illik tarixində təkcə torpaq itkilərinə son qoymadı, həm də erməni işğalının vurduğu yaraları, misli görünməmiş dağıntıları, erməni vandallığının izlərini yox etdi, Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması, dirçəldilməsi ilə məşğul oldu.