Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir - RƏY

Daxili siyasət
  • 09 iyul, 2026
  • 16:54
Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir - RƏY

Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin siyasi kursunun dünya miqyasında icra olunması və təşviqi diplomatlarımızın üzərinə düşən çox mühüm vəzifədir:

"Bu gün ölkəmizdə 9 iyul - Diplomatların Peşə günü qeyd olunur. Azərbaycan Prezidentinin müəyyən etdiyi dövlətimizin siyasi kursunun dünya miqyasında icra olunması və təşviqi diplomatlarımızın üzərinə düşən çox mühüm vəzifədir. Onların əksəriyyəti uzun illər Vətəndən uzaqda, qürbətdə yaşayaraq bu məsuliyyətli xidməti yerinə yetirir. Azərbaycan diplomatiyasının bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyası dayanır və bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə layiqincə, böyük məharətlə davam etdirilir".

Günay Əfəndiyeva ötən ay Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanun layihəsinin qəbul olunmasına diqqət çəkərək, vurğulayıb ki, qanun layihəsi Azərbaycanın xarici siyasətinin inkişafına töhfə verən insanların diplomatların fəaliyyətinə dövlətin mühüm dəstəyini nümayiş etdirdi:

"Diplomatik xidmət ölkənin milli maraqlarının qorunması və etibarlı şəkildə təmsil olunması üçün fədakarlıq tələb edən bir peşə sahəsidir. Ona görə də diplomatlarımızın və onların ailə üzvlərinin rifahının daha da yaxşılaşdırılması bu missiyanın effektivliyi və davamlılığı üçün olduqca vacib bir addımdır".