Gəncədə Axıska türklərinin sürgün edilməsinin ildönümü ilə bağlı tədbir keçirilib

Daxili siyasət
  • 14 noyabr, 2022
  • 12:49
Gəncədə Axıska türklərinin sürgün edilməsinin ildönümü ilə bağlı tədbir keçirilib

Gəncə şəhərində Axıska türklərinin öz ata-baba torpaqlarından sürgün edilməsinin 78-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Axıska türklərinin Azərbaycanın Qərb bölgəsi üzrə rəhbəri Zabit Abitov, axıskalı ziyalılar, ağsaqqallar və iş adamları iştirak ediblər.

Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki dövlətin şəhidləri bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Axıska türklərinin sürgün tarixindən, sonra yaşanan hadisələrdən və onların Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmaları üçün dövlət tərəfindən göstərilən köməkdən bəhs ediblər.

Axıskalı türklərin Qarabağ müharibəsində qəhrəmancasına iştirak etdikləri iştirakçıların diqqətinə çatdırılıb. Belə ki, Birinci Qarabağ müharibəsində 83, Vətən müharibəsi dövründə isə 8 Axıska türkünün şəhid olduğu bildirilib.

Daha sonra sürgün zamanı həyatını itirən axıskalı vətəndaşların və Azərbaycanda, Türkiyədə şəhid olan əsgərlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, Axıska türklәri 1944-cü il 14 noyabr tarixində SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin qərarı ilə Gürcüstanın Mesxetiya regionundan Mərkəzi Asiyaya məcburi şəkildə sürgün edilib. Sürgün zamanı 212 kənddə yaşayan 94 min 955 nəfər Axıska türkü öz evlərindən didərgin düşərək vaqonlara yerləşdirilib və Orta Asiyaya, əsasən Özbəkistan, Qırğızıstan və Qazaxıstan ərazisinə göndəriliblər. Sürgün zamanı aralarında uşaqların, qadın və yaşlıların da olduğu 50 minə qədər insan həyatını itirib.

SSRİ rəhbərliyi köçürülən Axıska türklərinin yaşadığı yerə isə Mesxetiya adı verib və əraziyə 32 min xristian erməni yerləşdirib.

Hazırda sayları yarım milyonu keçən Axıska türkləri, əsasən, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya və Azərbaycanda yaşayırlar.

Ölkəmizdə isə 110 minə yaxın axıskalı məskunlaşıb. Onlar əsasən Saatlı, Sabirabad, Xaçmaz və Gəncə-Qazax zonasında yaşayırlar.

44 - Tezliklə