"ASAN Xidmət"də Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib
- 07 may, 2018
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN Xidmət") ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP-ın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər qonaqlar iştirak ediblər.
Ü.Mehdiyev ümumilli lider Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi uğrunda gördüyü işlərdən danışıb. O bildirib ki, ulu öndərin qurduğu, yaratdığı dövlətçilk ənənələri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr həmçinin qeyd edib ki, "ASAN Xidmət" in əsasında da dövlətçilik ənənələri durur.
H.Babaoğlu Heydər Əliyevin siyasəti barədə geniş çıxış edib. O bildirib ki, ümumilli lider Heydər Əliyev siyasətinin mərkəzində Azərbaycan xalqının maraqları dayanıb: "Bu gün ölkədə bir çox sahədəki inkişaf ulu öndərin həmin dövrdə gördüyü işlərin nəticəsidir".
Sonda YAP-ın sıralarına qoşulan gənclərə vəsiqələr təqdim edilib.