Anım Günü ilə əlaqədar Müşfiqabadda ağacəkmə tədbiri keçirilib

Daxili siyasət
  • 26 sentyabr, 2026
  • 16:39
Anım Günü ilə əlaqədar  Müşfiqabadda ağacəkmə tədbiri keçirilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Minatəmizləmə Agentliyinin rəhbərliyi, kollektivi, eləcə də könüllülər iştirak edib.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində, ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiya şəhidlərin müqəddəs xatirəsinin yaşadılması, ətraf mühitin mühafizəsi və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin formalaşdırılması məqsədinə xidmət edib.