Anar Bağırov: Məqsədimiz məktəb və universitetlərdə vəkilliyə marağı artırmaqdır

Daxili siyasət
  • 20 fevral, 2026
  • 16:15
Anar Bağırov: Məqsədimiz məktəb və universitetlərdə vəkilliyə marağı artırmaqdır

Vəkillər Kollegiyasının (VK) məqsədi məktəb və universitetlərdə vəkilliyə marağı artırmaqdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, dərsliyin hazırlanması prosesində altı müəllif iştirak edib: "Kitabda yeni fəsil - Türk dövlətlərinin vəkillik fəaliyyətinə dair hissə mövcuddur. Təbiidir ki, bu kitab vəkilliklə bağlı bütün sahələri əhatə edə bilməz. Bu səbəbdən bununla kifayətlənməyəcəyik. Yeni nəşrlər reallaşdırmağa davam edəcəyik".

VK sədri Azərbaycanda vəkilliyə marağın artırılmasının zəruri olduğunu vurğulayıb: "Avropa ölkələri sırasında Azərbaycan hər 100 min nəfərə düşən vəkillərin sayına görə sonuncu yerdədir. Əgər Orta Avropa statistik göstəriciləri 100 min nəfərə 180 göstərirsə, Azərbaycanda bu say 28-dir. Bu, ciddi problemdir. Düşünürəm ki, bu vəziyyət gənclərimizin universiteti bitirdikdən sonra ixtisasdankənar sahələrə yönəlmələrindən qaynaqlanır. Amma hazırda vəkillik sahəsində gəncləri daha çox görmək olur".

44 - Tezliklə