Aİ və BMT-nin Əhali Fondunun dəstəyi ilə gender əsaslı cins seçimi mövzusunda təlim keçirilir
- 29 iyul, 2022
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının baş redaktorları, redaktorları, jurnalistləri, həmçinin tanınmış bloqerlərin iştirakı ilə ”Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda üçgünlük təlimə başlayıb.
"Report" xəbər verir ki, Lənkəran şəhərində keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.
Təlimin ilk günündə BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər tərəfindən oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeni və onun səbəb ola biləcəyi mənfi nəticələr, mediada gender əsaslı ayrı-seçkilik və gender stereotipləri haqqında məlumat verilib.
İştirakçılar gender məsələlərinin mediada işıqlandırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısnın alınmasında medianın rolundan danışıblar.
Təlim zamanı BMT-nin Əhali Fondu təlim iştirakçıları arasında müsabiqə elan edəcək. Belə ki, təlimdə iştirak edən və müsabiqəyə qatılan media nümayəndələri dərc və ya nümayiş etdirdikləri ən yaxşı yazı və ya video materialı müsabiqəyə təqdim etməlidirlər. Birinci yerin qalibi Türkiyədə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq, ikinci və üçüncü yerin qaliblərinə isə pul mükafatları təqdim olunacaq.
Qeyd edək ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.