Ağdamda əkin sahələrində "Tikanlı quş üzümü" zərərli bitkisinə qarşı tədbirlər görülüb

Daxili siyasət
  • 13 iyul, 2026
  • 15:50
Ağdamda əkin sahələrində Tikanlı quş üzümü zərərli bitkisinə qarşı tədbirlər görülüb

Ağdam rayonu Ergü düzü ərazisində əkin sahələrində "Tikanlı quş üzümü" zərərverici bitkisinə qarşı tədbirlər çərçivəsində dərmanlama prosesi həyata keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, proses ilkin olaraq 25 hektar ərazini əhatə edib.

Tədbirdə Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonlarının Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, zərərli karantin orqanizmi olan "Tikanlı quş üzümü" bitkisi daha çox Ağdam, Ağcabədi və Tərtər ərazilərində yayılıb.

Mərkəz rəisi bildirib ki, tikanlı quş üzümü bitkisi, kənd təsərrüfatı bitkiləri üçün olduqca zərərli bitki hesab edilir:

"Adıçəkilən zərərverici kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaldır, məhsulu çirkləndirməklə yanaşı həmçinin keyfiyyətini aşağı salır, mədəni bitkilərin zərərverici və xəstəliklərinin çoxalmasına şərait yaradır. Bitki əsasən kolorado kartof böcəyi, kartof güvəsi, pomidorun virusları üçün münbit yem bazası rolu oynayır".

Qeyd olunub ki, dərmanlamadan dörd gün sonra bitki toplanaraq ayrıca ərazidə yandırılacaq.

C.İbrahimov fermerlərə çağırış edərək bu cür hallarla rastlaşdıqları zaman dərhal aidiyyəti üzrə müraciət etmələrini bildirib.

44 - Tezliklə