Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
- 25 dekabr, 2025
- 17:09
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdam şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, evlərin açarları sakinlərə təqdim edilib.
"Report" xəbər verir ki, açarların təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 83 ailə (308) nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, daha əvvəl Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç karvanı yola salınıb.