BMT rəsmisi: Azərbaycan COP29-dakı fəaliyyəti ilə iqlim maliyyələşməsində çox mühüm rol oynadı

COP29
  • 10 sentyabr, 2026
  • 17:33
BMT rəsmisi: Azərbaycan COP29-dakı fəaliyyəti ilə iqlim maliyyələşməsində çox mühüm rol oynadı

Azərbaycan COP29-dakı fəaliyyəti ilə iqlim maliyyələşməsi məsələsində çox mühüm rol oynadı.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında COP31-ə hazırlıq üzrə Trabzonda təşkil olunan toplantıda iştirak edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi Bölməsinin direktoru Sesilia Kinutia-Njenqa (Cecilia Kinuthia-Njenga) deyib.

O, COP29-da əldə olunan vacib nəticələr sırasında iqlim maliyyəsi ilə bağlı razılaşmanı xüsusi qeyd edib:

"Azərbaycan bu fəaliyyəti ilə təqdirəlayiq işlər gördü və həmçinin dünyanın diqqətini Xəzər dənizinin ekoloji vəziyyətinə yönəltdi. İndi burada okeanların və dənizlərin mühafizəsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə, texnologiya və məlumat olmadan real addımlar atmağın mümkünsüzlüyünə dair fikirlər ifadə olunur. Eyni zamanda, bu toplantıda aparılan müzakirələrdə "mavi iqtisadiyyat"ın və okeanların, dənizlərin vəziyyəti diqqət mərkəzinə gətirilir, narahatlıqlar açıq şəkildə bildirilir. Burada səsləndirilən bir çox fikirlərə əsasən deyə bilərik ki, COP31-lə əlaqədar müzakirələrdə Türkiyənin irəli sürdüyü təkliflər, əslində, Azərbaycanın COP29-da həyata keçirdiyi bir sıra fəaliyyət və təşəbbüslərin davamıdır. Həqiqətən, Azərbaycan COP29-dakı fəaliyyəti ilə iqlim maliyyələşməsi məsələsində çox mühüm rol oynadı".

Xatırladaq ki, COP31 bu il noyabrın 9-20-də Türkiyənin Antalya şəhərində keçiriləcək.