Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib

COP29
  • 17 noyabr, 2025
  • 18:45
Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib

Avstraliyanın Baş naziri Entoni Albanese bəyan edib ki, ölkə COP31 iqlim sammitini Türkiyə ilə birgə keçirməyəcək.

"Report" xəbər verir ki, bunu "Reuters" agentliyi məlumat yayıb.

"Sammiti birgə keçirməyəcəyik, çünki birgə təşkilatçılıq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qaydalarında nəzərdə tutulmayıb", – Albanese Melburnda keçirilən brifinqdə bildirib.

"Reuters"in istinad etdiyi türk diplomatik mənbələrinin məlumatına görə, Türkiyə Avstraliyaya növbəti BMT iqlim konfransına birgə rəhbərlik etməyi təklif edib, çünki sammitin keçiriləcəyi yerin seçilməsi ilə bağlı danışıqlar hələ də dalana dirənib.

Agentlik qeyd edir ki, Avstraliya və Türkiyə COP31-ə ev sahibliyi etmək üçün ərizələri hələ 2022-ci ildə təqdim ediblər və heç bir ölkə öz namizədliyini geri götürməyib, bu isə uzunmüddətli qeyri-müəyyənliyə səbəb olub. Sammitin ev sahibi ilə bağlı qərar hazırda Braziliyanın Belen şəhərində keçirilən COP30-da qəbul edilməlidir. Son həftələrdə Albanese ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlar tərəflərin mövqelərini yaxınlaşdırmağa kömək etməyib.

BMT-nin qaydalarına görə, Avstraliya və Türkiyənin daxil olduğu "Qərbi Avropa və digər dövlətlər" (WEOG) qrupunun ölkələrinin yekdil razılığı tələb olunur. Əgər konsensus əldə olunmasa, ev sahibliyi hüququ avtomatik olaraq BMT-nin iqlim bölməsinin qərargahının yerləşdiyi Bonn şəhərinə (Almaniya) keçəcək. Lakin Almaniya hakimiyyəti artıq COP31-ə ev sahibliyi etməkdə maraqlı olmadığını bildirib.

"Reuters"in Türkiyədəki mənbəsi dəqiqləşdirib ki, Ankara Avstraliyaya COP31-dən əvvəl liderlərin görüşünü keçirməyi təklif edib. Bu görüşdə dəniz səviyyəsinin qalxması səbəbindən ən çox risk altında olan Sakit okean regionu ölkələrinin problemlərinə diqqət yetirilməli idi. Bundan sonra əsas sammit Türkiyədə, birgə razılaşdırılmış gündəlik əsasında keçirilməli idi.

Son xəbərlər

Bütün Xəbər Lenti