"Azərikimya"nın keçirdiyi "Mərhəmətli olmağa tələsin" adlı xeyriyyə aksiyasına yekun vurulub

Cəmiyyət
  • 23 dekabr, 2016
  • 15:22
Azərikimyanın keçirdiyi Mərhəmətli olmağa tələsin adlı xeyriyyə aksiyasına yekun vurulub

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün "Azərikimya" İB-nin Respublika "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə keçirdiyi növbəti "Mərhəmətli olmağa tələsin" xeyriyyə aksiyasına yekun vurulub.

"Azərikimya"dan "Report"a verilən xəbərə görə, tədbirdə birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və Respublika "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova 6 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas məramından danışaraq, bu aksiyada məqsədin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng qatmaqla onlara sevinc bəxş etmək olduğunu iştirakçıların diqqətinə çatdırıblar.

Qeyd olunub ki, bu aksiyaya noyabrın 16-da 50-yə yaxın idarə və müəssisənin nümayəndələrinin iştirakı ilə “Azərikimya”nın akt zalında start verilib və nəticə etibarilə bugünkü yekun tədbirində aztəminatlı ailələrdən olan, bir və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 nəfər uşağa “Azərikimya”, “Etilen-polietilen” zavodu, SOCAR-ın Marketinq İdarəsi, şəhər səhiyyə şöbəsi, “Unikal” və “Qəlb” klinikaları, şəhər Bələdiyyəsi, Paşa Həyat Sığorta şirkəti, “Sumqayıt” Peşəkar Futbol Klubu, “Ustay” şirkəti, Su-kanal idarəsi, Alyans-textil fabriki, “Meqapolis”, “Bi plast”, “L-plastik”, “Sabina – 2013” firmaları, “Reduco” Tədris Mərkəzi və digər müəssisələr tərəfindən təqdim olunan müxtəlif təzə və isti qış geyimləri paylanılıb.

"Azərikimya"nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını bildiriblər.

Xeyriyyə tədbiri növbəti ildə də davam etdiriləcək.

44 filmi