“Azərikimya”da soyqırım qurbanlarının xatirəsi ilə bağlı tədbir keçirilib
- 31 mart, 2017
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 mart. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.
İB-dən “Report”a verilən məlumata görə, tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarına 1918-ci ilin 31 mart-2 aprel tarixləri arasında Bakıda və Azərbaycanın əksər rayonlarında erməni quldurları tərəfindən törədilmiş soyqırımı haqqında məlumat verən Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov vurğulayıb ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlərlə üzləşib, indi Ermənistan adlandırılan ərazidən - min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib: “Bakı, Şamaxı, Salyan, Quba, Lənkəran, Göyçay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur mahallarında və Naxçıvan Muxtar Respublikasında ermənilər görünməmiş vəhşiliklər törədib, üç gün davam edən qırğın və dağıntılar zamanı ümumilikdə minlərlə kənd yerlə-yeksan edilib, 100 minlərlə azərbaycanlının həyatına son qoyulub”.
YAP Sumqayıt şəhər Gənclər Təşkilatının sədri Elvin Məmmədzadə qeyd edib ki, bu gün soyqırıma məruz qalmış şəxslərin xatirəsini gənclər də ürək ağrısı və ehtiramla yad edir: “Bu bizim vətənpərvərlik, azərbaycançılıq borcumuzdur və gənc nəslin bu istiqamətdə maarifləndirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Təbii ki, bu ənənənin təşəbbüskarı xalqımızın müdrik rəhbəri, Ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart gününü “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdiməklə, xalqımız üçün mühüm xidmət göstərib. Dahi rəhbərin “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur” tövsiyəsini əsas tutaraq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılaraq, siyasi riyakarlığı, saxtakarlığı, özgə torpaqlarına göz dikərək, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə bəlli olub”.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev azərbaycanlıların öz doğma yurd-yuvalarından qovulduğu, repressiyalara məruz qaldığı həmin günləri XX əsr dünya tarixinin ən qanlı səhifələrindən biri adlandırıb və bu soyqırımı erməni daşnaklarının təxminən 200 ildən artıq davam etdirdiyi, düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli antiazərbaycan siyasətinin kütləvi deportasiya və soyqırımı ilə müşayiət olunan davamı kimi qiymətləndirib. M.Babayev qeyd edib ki, bu gün qarşıda duran əsas vəzifələr Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı haqqında bugünkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.
Tədbirin sonunda soyqırımı hadisələrini özündə əks etdirən sənədli film nümayiş olunub.