Yaroslav Kovalçuk: "Azərbaycan məhsulları Belarus birjasına vasitəçiliklə daxil olur"

Biznes
  • 20 oktyabr, 2025
  • 17:54
Yaroslav Kovalçuk: Azərbaycan məhsulları Belarus birjasına vasitəçiliklə daxil olur

Azərbaycan müəssisələrinin məhsulları hazırda Belarus Universal Əmtəə Birjasına (BUƏB) həm belaruslu, həm də xarici vasitəçilər vasitəsilə daxil olur.

Bunu "Report"a müsahibəsində BUƏB-in Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəisi Yaroslav Kovalçuk deyib.

Onun sözlərinə görə, belə məhsullar arasında iplik parçalar, xam parça, alüminium lent və bentonit tozunu qeyd etmək olar: "2024-2025-ci illərdə vasitəçilərin iştirakı ilə satılan Azərbaycan məhsullarının dəyəri təxminən 1,4 milyon ABŞ dolları təşkil edib. Bu əqdlər haqqında məlumatları artıq Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) göndərmişik. Bundan əlavə, analoji məlumatlar istehsalçıların özlərinə də təqdim olunacaq ki, onlar öz məhsullarının satış miqyasını qiymətləndirə və birjaya birbaşa çıxışla bağlı qərar qəbul edə bilsinlər. Ümid edirik ki, bu, onların ticarətdə iştirakına təkan verəcək".

O bildirib ki, BUƏB dövlət təşkilatıdır və onun fəaliyyəti kommersiya gəlirindən daha çox dövlət tapşırıqlarının yerinə yetirilməsinə, xüsusən də daxili bazarın tələbatın yüksək olduğu məhsullarla təmin edilməsinə yönəlib: "Azərbaycan neft-qaz ölkəsidir və neft məhsulları Belarus bazarında maraq doğurur. Azərbaycandan olan tədarükçülərin belə məhsulları birbaşa bizim hərraclarda təklif etməsi üçün böyük potensial görürük. Təklif olunan Azərbaycan məhsullarının çeşidi nə qədər geniş olarsa, bu, hər iki tərəf üçün bir o qədər faydalı olacaq".

Bu gün BUƏB artıq Azərbaycandan iki brokeri akkreditasiya edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti