Vüsal Qasımlı: "Xaricdə yaşayan azərbaycanlılar üçün "Elektron İmza"nın təqdim edilməsi Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa motivasiya verəcək"

Biznes
  • 01 iyul, 2019
  • 13:03
Vüsal Qasımlı: Xaricdə yaşayan azərbaycanlılar üçün Elektron İmzanın təqdim edilməsi Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa motivasiya verəcək

“Xaricdə yaşayan həmvətənlərimiz "Elektron İmza", "Mobil İmza" və "ASAN İmza" vasitəsilə özləri üçün bank hesabı aça biləcəklər”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Memorandumun imzalanma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, dünyada ilk təşəbbüsdür və bu yenilik Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək: “Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı dünyada Böyük Britaniyadan sonra ikinci rəqəmsal qovşaqdır. Biz onlarla ölkədə "Elektron İmza" və "ASAN İmza"nı təqdim etmişik. Dünyada yalnız Azərbaycan və Estoniya "Elektron İmza"nı təqdim edib. Bu imzalar vasitəsilə xaricdə yaşayan azərbaycanlılar özləri üçün bank hesabı aça biləcəklər. Bu iqtisadi əməliyyatların Azərbaycana gəlmədən yerinə yetirilməsinə imkan yaradacaq. Hesab edirəm ki, "Elektron İmza"nın təqdim edilməsi Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa motivasiya verəcək”.