Xamis Seyranov: "Keyfiyyət infrastrukturu vahid siyasətlə idarə olunacaq"

Biznes
  • 18 iyun, 2026
  • 11:38
Xamis Seyranov: Keyfiyyət infrastrukturu vahid siyasətlə idarə olunacaq

Azərbaycanda keyfiyyət infrastrukturu vahid siyasətlə idarə olunacaq

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov qurumun təşkil etdiyi mediaturda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda metroloji infrastrukturun modernizasiya proqramının icrası ilin sonuna qədər yekunlaşacaq: "Görülən işlər yalnız müasir avadanlıqların alınması ilə məhdudlaşmır, eyni zamanda ölkədə metrologiya sahəsində kadr potensialının gücləndirilməsinə də yönəlib. Əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlim proqramları təşkil olunur. Bu təlimlər, əsasən, qardaş Türkiyənin Milli Metrologiya Xidmətində keçirilir. Bu təlimlər nəticəsində əməkdaşların bilik və bacarıqları artırılır. Görülən işlər ölkəmizin həm metroloji infrastrukturunu, həm də kadr potensialını gücləndirir".

Bundan başqa, X.Seyranov deyib ki, Azərbaycan sahibkarının istehsal edib bazar çıxardığı məhsul müəyyən keyfiyyət göstəricilərinə cavab verməlidir: "Əgər məhsul keyfiyyət tələblərinə cavab vermirsə, qlobal rəqabətdə özünə yer tapa bilməyəcək və nəticədə bazardan çıxmağa məcbur qalacaqdır. Məhsulların keyfiyyətinin təsdiqlənməsində metroloji xidmətlərin rolu mühümdür".

Onun sözlərinə görə, sahibkarın anbarındakı məhsulun həcmi belə ölçmələr vasitəsilə müəyyən edilir: "Sahibkar anbarında nə qədər məhsul olduğunu, nə qədər məhsul satdığını və istehsal prosesinin hansı şəraitdə həyata keçirildiyini dəqiq bilməlidir. Bütün bu əminliklər ölçmələrlə bağlıdır. Ölçülür və dəqiqləşdirilir. Bu ölçmələr də metroloji xidmətlər vasitəsilə təmin olunur".

Baş direktor qeyd edib ki, yanlış laboratoriya ölçmələri insanların sağlamlığı üçün risk yarada bilər: "Analiz nümunələrinin saxlanılması, daşınması və istifadə olunan reagentlərin keyfiyyəti ciddi nəzarət tələb edir. Əgər ölçmələrin dəqiqliyindən əmin olunmazsa, analiz nəticələri düzgün olmayacaq və nəticədə insanlara həyati əhəmiyyətli yanlış məlumat verilə bilər. Laboratoriyaların beynəlxalq standartlara uyğunluğu da məhz metroloji yoxlamalar vasitəsilə təsdiqlənir".