Vüsal Qasımlı: "TDT vahid dövlət olsaydı, dünyada top-10-luğa düşərdi"
- 18 oktyabr, 2023
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Təşkilatı (TDT) vahid dövlət olsaydı, dünyada top-10-luğa düşərdi.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İKTKM) icraçı direktoru Vüsal Qasımlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda məruzəsi zamanı bildirib.
Onun sözlərinə görə, TDT-yə üzv və müşahidəçi ölkələr Avropa İttifaqının ərazisindən daha böyük coğrafiyanı əhatə edir. “Türk dövlətlərinin əhalisi 173,8 milyon nəfər təşkil edir ki, bu da dünya əhalisinin 2,2 %-i deməkdir. 2022-ci ildə bu ölkələrin ticarət dövriyyəsinin ümumi dəyəri 1 192,7 milyard ABŞ dolları təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 2,4 %-i qədər olub. Həmçinin ötən il TDT-yə üzvü və müşahidəçi ölkələrin ümumi daxili məhsulunun (ÜDM) dəyəri 1 537 milyard ABŞ dolları təşkil edib ki, bu da qlobal ÜDM-in 1,6 %-i deməkdir. Mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir”, - deyə o qeyd edib.
"Türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da genişləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir", - deyə V.Qasımlı əlavə edib.