Vüsal Qasımlı: "Kiçik və orta sahibkarlıq üçün İslam maliyyəsi əvəzsizdir"
- 23 oktyabr, 2025
- 11:12

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı baxımından İslam maliyyəsi əvəzsizdir.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, İslam maliyyəsi ilə bağlı bir neçə istiqamət var: "İlk növbədə qanunvericiliklə bağlı islahatların aparılmasına nail olmalıyıq. Əlbəttə burada "başqa yerdə var, bizdə də olmalıdır" yanaşması yanlışdır. Biz adaptasiya olmalıyıq. İkinci məsələ, qanunvericilik dəyişsə də, kadr ehtiyatı olmalıdır. Üçüncü məsələ, infrastrukturun inkişaf etdirilməsi və uyğunlaşmadır. Dördüncü məsələ İslam maliyyəsi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Çünki 5 trilyon ABŞ dolları İslam maliyyəsinin 70 %-i bu banklarda, 20 %-i islam fondlarında, qalanı isə digər maliyyə təşkilatlarındadır".
"İslam maliyyəsinin ölkəyə gətirilməsi infrastrukturun inkişafı üçün yaxşı olardı, çünki hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır", - deyə V.Qasımlı əlavə edib.