Azərbaycan III Qlobal İslam İqtisadiyyatı Sammitində iştirak edəcək
- 18 may, 2026
- 15:12
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin dəstəyi ilə keçirilən III Qlobal İslam İqtisadiyyatı Sammitində çıxış edəcək.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, "AlBaraka Forum"un təşkilatçılığı və Türkiyə Prezidentinin iştirakı ilə keçiriləcək sammit 3–6 iyunda İstanbul Maliyyə Mərkəzində "Halkbank"ın baş ofisində baş tutacaq. "İslam iqtisadiyyatında kapital: dayanıqlı inkişaf naminə sərvətin strukturlaşdırılması" mövzusuna həsr olunan tədbir qlobal kapital axınlarının transformasiyası şəraitində maliyyə resurslarının real iqtisadiyyata yönəldilməsi istiqamətində mühüm beynəlxalq dialoq platforması kimi çıxış edəcək.
Sammit çərçivəsində Vüsal Qasımlı "Mərkəzi Asiyada İslam İqtisadiyyatı və Halal Sənaye: mövcud reallıqlar və perspektivlər" (Islamic Economics and Halal in Central Asia: Current Realities and the Way Forward) mövzusunda keçiriləcək dəyirmi masa panelində məruzə ilə çıxış edəcək. Müzakirələrdə Mərkəzi Asiyada İslam iqtisadiyyatının institusional inkişafı, regionda ticarət və infrastruktur layihələrinin maliyyələşdirilməsində İslam kapitalının rolu, həmçinin regional iqtisadi modellərin formalaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
V.Qasımlı çıxışında sammitin innovasiya, dayanıqlılıq və beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini vurğulayacaq, "AlBaraka Forum"un qlobal İslam iqtisadi ekosisteminin inkişafına yönəlmiş təşəbbüslərini diqqətə çatdıracaq. Eyni zamanda, tədbir çərçivəsində İİTKM tərəfindən Azərbaycanın iqtisadi islahatlar sahəsindəki institusional təcrübəsini və regional əməkdaşlıq yanaşmalarını əks etdirən konseptual sənəd təqdim olunacaq, ölkəmizdə İslam maliyyə sisteminin inkişaf perspektivləri barədə ətraflı məlumat veriləcək.