Villiam Davila: "Azərbaycanın qlobal tendensiyaları anlayan insanlara ehtiyacı var"
- 21 sentyabr, 2026
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın və onun qurumlarının qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün müxtəlif sektorlar arasında fəaliyyət göstərə bilən, qlobal tendensiyaları anlayan və yerli reallıqlarla sıx bağlı qalan insanlara ehtiyacı var.
"Report" xəbər verir ki, bunu IE Universitetinin Korporativ Əlaqələr üzrə icraçı sədri Villiam Davila İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında bildirib.
Onun sözlərinə görə, dünya fövqəladə transformasiya dövrünü yaşayır: "Süni intellekt təşkilatlar qarşısında yeni çağırışlar yaradır. Texnologiya qərar qəbuletmə prosesini sürətləndirir. Geosiyasi dəyişikliklər bazarları və biznes strategiyalarını yenidən formalaşdırır. Bir vaxtlar uzun illər dövründə etibarlı hesab edilən fərziyyələr indi aylar ərzində dəyişə bilir. Belə bir mühitdə təhsil daha da mühüm əhəmiyyət kəsb edir. Lakin bu, sadəcə bizə daha çox məlumat verdiyinə görə deyil. Məlumat getdikcə daha əlçatan olur. Əsl çağırış isə həmin məlumatlarla nə edəcəyimizi bilməyi, hansı sualları verməyi, konteksti anlamağı, fərqli baxış bucaqlarını əlaqələndirməyi, qeyri-müəyyənlik şəraitində qərarlar qəbul etməyi və biliyi fəaliyyətə çevirməyi bacarmaqdır".
V.Davila vurğulayıb ki, liderlik məhz bu məqamda önəm kəsb edir: "IE ilə Azərbaycan arasındakı əlaqələrin xüsusilə güclü ola biləcəyinə inandığım məqam da budur. Çünki Azərbaycanın və onun qurumlarının qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün müxtəlif sektorlar arasında fəaliyyət göstərə bilən, qlobal tendensiyaları anlayan və yerli reallıqlarla sıx bağlı qalan insanlara ehtiyac var. Söhbət transformasiyanı idarə edə bilən, dəyişikliklərə uyğunlaşmağa qadir təşkilatlar qura bilən və transformasiyanın, nəhayət, insanlarla bağlı olduğunu anlayan liderlərdən gedir".