Vergi rəsmisi: "Spirtli içkilərin istehsalındakı şəffaflaşma tədbirləri bəhrə verməkdədir"

Biznes
  • 19 mart, 2026
  • 17:53
Vergi rəsmisi: Spirtli içkilərin istehsalındakı şəffaflaşma tədbirləri bəhrə verməkdədir

Azərbaycanda spirtli içkilərin istehsalı sahəsində həyata keçirilən şəffaflaşma tədbirləri artıq öz bəhrəsini verməkdədir.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov "Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi ilə keçirilmiş görüşdə bildirib.

Görüşdə sahəvi qanunvericiliyin təkmilləşdirilməsi, inzibatçılığın optimallaşdırılması və sektorun inkişaf perspektivləri müzakirə edilib.

Assosiasiya üzvləri şərabçılıq sahəsindəki mövcud vəziyyət barədə məlumat verərək, yerli istehsalın qorunması və rəqabət qabiliyyətinin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

N.İmanov qeyd edib ki, bu sahədə qeydə alınan iqtisadi göstəricilərdə, o cümlədən əmək müqavilələrinin şəffaflaşması nəticəsində sektorda rəsmi işçi sayında artım müşahidə olunur.

Görüşdə qanunsuz sahibkarlıqla mübarizə,qanunun tələblərinə əməletmə vəziyyəti və bu sektorun inkişafının dəstəklənməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşün yekununda baş idarə rəisi vurğulayıb ki, sahibkarların qaldırdığı bütün məsələlər ətraflı təhlil ediləcək, onların həlli istiqamətində digər dövlət qurumları ilə koordinasiyalı şəkildə zəruri addımlar atılacaq.