TÜRKPA: Bakı Türk dünyasının əməkdaşlıq mərkəzinə çevrilib
- 16 sentyabr, 2026
- 16:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Türk dünyasının müxtəlif bölgələrini bir-birinə bağlayan əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə Türk Dövlətləri Parlamentar Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Muhammet Alper Hayali Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin mərkəzinin Bakıda olması ayrıca məna daşıyır: "Birliyin yaradılması Türk dünyasında son illərdə getdikcə güclənən institusional əməkdaşlığın və iqtisadi inteqrasiya prosesinin mühüm bir tamamlayıcısı olaraq görülməkdədir. İqtisadi münasibətlərin inkişaf etdirilməsi, ticarət həcminin artırılması və investisiyaların asanlaşdırılması üçün yalnız siyasi iradə kifayət deyil. Etibarlı, şəffaf və bir-biri ilə uyğun institusional sistemlərə də ehtiyac var. Bu baxımdan ortaq standartların hazırlanması, bilik və təcrübə mübadiləsi, peşəkar təhsil, sertifikasiya, qarşılıqlı tanınma və yaxşı təcrübələrin paylaşılmasının birliyin prioritet töhfələri arasında yer alacağına inanırıq".
O, xüsusilə peşəkar səriştələrin və sertifikatların qarşılıqlı tanınmasına yönəlmiş işlərin iqtisadi və peşəkar mobillik üçün yeni imkanlar yaradacağına inam ifadə edib: "Eyni zamanda rəqəmsallaşma, məlumat analitikası və dayanıqlılıq kimi yeni sahələrdə birgə işlərin aparılması birliyin gələcəyə yönəlmiş baxışını gücləndirəcəkdir.
Türk dövlətlərinin ortaya qoyduğu ortaq baxış, ölkələrimiz arasındakı əməkdaşlığın yalnız siyasi sahələrdə deyil, iqtisadiyyat, ticarət, nəqliyyat, təhsil, maliyyə və peşəkar sahələrdə də dərinləşməsini nəzərdə tutur. Bu ortaq baxışın mühüm yol xəritələrindən biri olan Türk Dünyası 2040 baxışı, ölkələrimiz arasındakı əməkdaşlığın gələcəyə yönəlmiş hədəflərini və ortaq iradəsini ortaya qoyur.
Bu ortaq baxışın əsasında Prezident İlham Əliyevin ifadə etdiyi "Bizim ailəmiz Türk dünyasıdır!" anlayışının ortaya qoyduğu güclü qardaşlıq və birlik ruhunun mühüm yeri var. Bu gün yaradılmasına addım atdığımız bu birliyin də sözügedən ortaq baxışın mühüm peşəkar və institusional təməl daşlarından biri olacağı qənaətindəyik".