Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyət istiqamətləri açıqlanıb

Biznes
  • 22 noyabr, 2021
  • 14:13
Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyət istiqamətləri açıqlanıb

"Türkiyə şirkətlərinin Azərbaycan vasitəsilə digər ölkələrin bazarlarına çıxmaqla bağlı maraqları var".

Bunu "Report"a Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) prezidenti Mahmud Asmalı deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı daha çox neft və qaz sektoruna əsaslanır: "Azərbaycanın qeyri-neft məhsullarının yaxın regiona, qonşu ölkələrə daha yaxşı satışının təşkili istiqamətində işlərimiz var. Azərbaycan çox yaxşı logistik məkana sahibdir, bu istiqamətdə türk şirkətləri də burda biznes quraraq, məhsulları Azərbaycan üzərindən digər qonşu ölkələrə ixrac edə bilərlər və bununla bağlı müzakirələrimiz, görüşlərimiz davam edir".

M.Asmalı Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaqla bağlı hədəfdən danışarkən qeyd edib ki, bu çox ciddi məsələdir: "Ticarət dövriyyəsini bu göstəriciyə çatdırmaq, mövcüd ticarət dövriyyəsini 5 dəfə artırmaq deməkdir. İki ölkə prezidentlərinin rəhbərliyi ilə ölkələr arasında bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq qurulub, hesab edirəm ki, yaxın illərdə biz bu hədəfə çata bilərik".

O xatırladıb ki, bu ilin 15 noyabr tarixində Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum keçirilib: "Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və IBF-in (İnternational Business Forum) təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Onun sözlərinə görə, forumda Türkiyədən 450-ə yaxın iş adamı Azərbaycana səfər edib, Azərbaycan tərəfdən isə 500 iş adamı iştirak edib: "Forum çərçivəsində həyata keçirilən görüşlərdə hər iki ölkənin şirkətləri layihələrini təqdim ediblər. Türkiyə şirkətlərinin təqdim etdiyi əsas layihələr turizm, energetika, inşaat və digər istiqamətlərdə olub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarixi-mədəni və yeraltı sərvətlərinəErmənistan tərəfindən ziyan vurulub. Həmin ərazilərin yenidən bərpası üçün Türkiyənin inşaat sektorunda olan təcrübəsini təklif edirik, burda həmin təcrübəni tətbiq etmək istəyirik. Həmçinin, Dağlıq Qarabağda əkin üçün yararlı torpaqlar var, Azərbaycan Türkiyənin aqrar sahədəki təcrübəsindən faydalana bilər. Bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdırırıq. Bununla yanaşı, Türkiyənin səhiyyə sektoru geniş inkişaf etdiyi üçün bu təcrübəmizdən də bölüşə bilərik. Bu kimi sahələrdə olan təcrübəmizi Azərbaycanda tətbiq etmək istəyirik. Ümid edirəm ki, yaxın zamanlarda bütün işlərin müsbət nəticəsini görəririk".

M.Asmalı deyib ki, Türkiyə ilə Azərbaycan arasında qədim dostluq əlaqələri var, bu dostluq əlaqələri uzun illləri əhatə edir: "Türkiyə hökumətinin Azərbaycana 44 gün davam edən müharibə zamanı verdiyi dəstəyinə görə Azərbaycan xalqı çox əhəmiyyət, dəyər verir. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik".

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 0,3 % artaraq 3 milyard 247 milyon 844 min ABŞ dolları təşkil edib. Türkiyəyə ixrac 8 % azalaraq 2 milyard 108 milyon 084,08 min ABŞ dolları, idxal isə 15,9 % artaraq 1 milyard 129 milyon 956,88 min ABŞ dolları təşkil edib.

44 filmi