Türk dövlətləri rəqəmsal iqtisadiyyat platforması yaradacaq
- 16 sentyabr, 2026
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dövlətləri arasında rəqəmsal iqtisadiyyat platforması yaradılacaq.
"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
"Hədəfimiz Türk dünyasında rəqəmsal ticarət olmalıdır. Bu günlərdə bu məsələ Astanadakı iclasda danışıldı. Rəqəmsal Tərəfdaşlıq Sazişini imzalamışıq. Azərbaycan, Türkiyə və Özbəkistan parlamentləri onu təsdiqləyib. Digər ölkələrdə də proses davam edir. Bu gün Türkiyədə 3 milyon şirkətin 76 %-i xarici ticarətini manual qaydada, yəni əllə həyata keçirir. Halbuki böyük bazarlara çıxa bilməyimiz üçün bu rəqəmsal platformada şərik ola, mal və xidmətlərimizi həm öz bazarlarımıza, həm də dünya bazarlarına çatdıra bilərik. Bu istiqamətdə Türkiyədə "Farabi Network" adlı bir rəqəmsal platforma qurulub", - deyə o qeyd edib.
Bundan başqa, K.Zorlu deyib ki, qlobal qeyri-sabitlik regional əməkdaşlığı məcburi edir: "Dünya qlobal böhranlar və xaosla üz-üzədir. Geosiyasi risklər artır. Belə bir dövrdə ölkələrin kənd təsərrüfatında inkişafı təmin etməsi, ərzaq təhlükəsizliyini ön plana çıxarması, təhlükəsiz logistika və qlobal zəncir daxilində özümüzə yönəlik bir töhfə yarada bilməsi, süni intellekt sahəsində öz milli doktrinamızla əməkdaşlığımızı artırması, müdafiə sənayesində dünyada fərqlilik yaradaraq öz daxili resurslarımızla hərəkət edə bilməsi artıq hər bir ölkə üçün strateji təhlükəsizlik məsələsinə çevrilib. Bunlar regional əməkdaşlığı məcburi edir".