Tacikistan Ticarət-Sənaye Palatası Azərbaycan biznesini əməkdaşlığa dəvət edib
- 22 may, 2026
- 12:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Tacikistanın xarici ticarətindəki payı hələlik cəmi 0,1 % təşkil edir.
"Report" xəbər verir ki, bunu Tacikistanın Ticarət-Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bu, ölkələrin real potensialını əks etdirmir: "Palatamız öz sıralarında 1 200-dən çox fəal üzvü birləşdirir. Bunlar milli iqtisadiyyatın tamamilə bütün sahələrini təmsil edən aparıcı müəssisələrdir. Belə bir platformaya sahib olaraq, biz Azərbaycan işgüzar dairələrini onları maraqlandıran istənilən biznes istiqaməti üzrə etibarlı tacikistanlı tərəfdaşlarla operativ şəkildə əlaqələndirə bilərik".
Tacikistanda özəl sektorun əhəmiyyəti bu gün keyfiyyətcə yeni səviyyəyə çıxdığını deyən Palata sədri Azərbaycan biznesinə əməkdaşlığın aşağıdakı konkret istiqamətlərinə diqqət yetirməyi təklif edib: "Tacikistan nəhəng xammal bazasına və regionda ən ucuz elektrik enerjisinə malikdir, onun 98 %-i hidroelektrik stansiyaları tərəfindən istehsal olunur. Biz Azərbaycan investisiyalarını sərbəst iqtisadi zonalarımıza dəvət edirik. Sizin texnologiyalarınızın və kapitalınızın bizim resurslarımızla birləşdirilməsi birgə yüksək keyfiyyətli hazır məhsul istehsal etməyimizə imkan verəcək".
Onun sözlərinə görə, tacik şirkətləri Azərbaycan bazarına yüksək keyfiyyətli quru meyvələrin, təzə tərəvəzlərin, dağ balının və təmiz içməli suyun ixracını dəfələrlə artırmağa hazırdır: "Tacikistan ərazisində birgə müasir aqrologistika mərkəzlərinin və qablaşdırma komplekslərinin yaradılmasına investisiya qoyulmasını təklif edirik. Tacikistanın Ticarət-Sənaye Palatası hər bir Azərbaycan sahibkarı üçün etibarlı bələdçi və onun maraqlarının müdafiəçisi olmağa hazırdır. Biz layihələriniz üçün tam hüquqi məlumat və logistik dəstək təmin edəcəyik".