SMIIC: Ümumi halal standartları sayəsində bir ölkədə sertifikatlaşdırılmış məhsul digərində də etibarlı olacaq
- 07 oktyabr, 2025
- 18:57

Halal standartların beynəlxalq səviyyədə uyğunlaşdırılması yalnız ticarət əlaqələrini asanlaşdırmır, həm də istehlakçıların halal məhsullara olan etimadını əhəmiyyətli dərəcədə gücləndirir.
"Report" xəbər verir ki, bunu İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun (SMIIC) baş katibi İhsan Övüt II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində keçirilən "Halal biznesin idarə olunması: uğurun harmoniyası və ya harmoniyanın uğuru" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, SMIIC İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında vahid halal standartlarının formalaşdırılmasında mərkəzi rol oynayır:
"Standartların uyğunlaşdırılması sayəsində hər ölkədə sertifikatlaşdırma prosesini təkrarlamağa ehtiyac qalmır. Bu, həm vaxt, həm də xərclərə qənaət deməkdir. Daha da vacibi - uyğunlaşdırma istehlakçıların etimadını artırır. İnsanlar əmin olurlar ki, bir ölkədə halal kimi sertifikatlaşdırılmış məhsul digər ölkədə də etibarlıdır. Bu etimad və səmərəlilik şirkətlərə regional, hətta qlobal bazarlara daha asan çıxış imkanı yaradır və nəticədə standartların uyğunlaşdırılması real biznes uğuruna çevrilir".
İ. Övüt qeyd edib ki, halal əməliyyatlarını həm dini prinsiplər, həm də beynəlxalq standartlarla uzlaşdırmağın əhəmiyyətini nəzərə alaraq, halal idarəetmə sistemləri üzrə xüsusi komitə yaradılıb:
"Komitə artıq Halal keyfiyyət idarəetmə sistemi üçün tələblər sənədini hazırlayıb və nəşr edib. Bu sənəd təşkilatlara effektiv halal idarəetmə sisteminin qurulması üçün aydın göstərişlər verir. Bundan əlavə, İdarəetmə sistemlərində İslam etikası və dəyərlərinin tətbiqi üçün ümumi tələblər adlı digər mühüm layihə üzərində də iş aparılır. Bu, təşkilatlara etik və dəyərlərə əsaslanan prinsipləri gündəlik fəaliyyətlərində daha sistemli şəkildə tətbiq etməyə imkan yaradacaq", - deyə o vurğulayıb.