SKMF bir qrup sahibkara 516 min manat güzəştli kredit verib
- 08 noyabr, 2017
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu rayonunda növbəti işgüzar forumunu keçirib.
“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbirin məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi olub.
90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, taxılçılıq, soya əkini, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O bildirib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 69,6 mln. manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 516 min manat güzəştli kredit verilib. Verilən kreditlər taxılçılıq, heyvandarlıq, bağçılıq, arıçılıq, tütün emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyə qədər Ağsu rayonundan olan 658 sahibkara 18,2 mln. manat güzəştli kredit verilib.
Forum çərçivəsində Ağsuda güzəştli kredit ayrılmış iri taxılçılıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.
Qeyd edək ki, indiyədək regionlarda və Bakı şəhərinin qəsəbələrində 58 müasir istixana komplekslərinin yaradılmasına 188 mln. manat güzəştli kredit verilib.