Serbiyalı nazir: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün daha fəal plan lazımdır"

Biznes
  • 24 oktyabr, 2025
  • 12:53
Serbiyalı nazir: Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün daha fəal plan lazımdır

Serbiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün daha fəal plan lazımdır.

"Report" xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali Azərbaycanın maliyyə naziri Sahil Babayevlə görüşündə bildirib.

Tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyətini, birgə layihələrin həyata keçirilməsini, perspektivli investisiya istiqamətlərini və qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Nazirlər qeyd ediblər ki, Serbiya və Azərbaycan arasında daha sıx iqtisadi tərəfdaşlıq, ticarət həcminin və qarşılıqlı investisiyaların artırılması üçün bütün ilkin şərtlər mövcuddur.

"Azərbaycan güclü və etibarlı münasibətlərimiz olan dost ölkədir. Bu ölkə etibarlı bir tərəfdaşdır ki, onunla bizi strateji əməkdaşlıq bağlayır. Azərbaycan, həmçinin Serbiya üçün enerji təchizatının vacib mənbəsidir", - S.Mali vurğulayıb.

Nazirin sözlərinə görə, perspektivli əməkdaşlıq sahələrinə energetika, tikinti, hərbi-iqtisadi qarşılıqlı fəaliyyət, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, maşınqayırma və kənd təsərrüfatı, həmçinin dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasında təcrübə mübadiləsi daxildir.

S.Mali, həmçinin Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqquzuncu iclası çərçivəsində keçirilən Serbiya-Azərbaycan biznes forumunun əhəmiyyətini qeyd edib, forumda Serbiyanın 50 və Azərbaycanın 20 şirkətinin iştirak etdiyini bildirib.

"Belə tədbirlər hər iki ölkənin investisiya potensialının təqdim edilməsi üçün əla fürsətlər yaradır. İndi əməkdaşlığın genişləndirilməsi üçün daha fəal və praktiki plan hazırlamaq vacibdir", - nazir əlavə edib.

Xatırladaq ki, ötən gün Belqradda Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Hazırda ölkələr arasında 57 sənəd imzalanıb, daha 13 saziş təsdiq mərhələsindədir və yaxın vaxtlarda imzalanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti