Səfirlik rəsmisi: “Azərbaycandan Çinə ixrac üçün böyük potensial var”
- 30 noyabr, 2022
- 08:28
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanın Çinə ixracı üçün hələ də böyük potensial var və bu, iki ölkənin müəssisələri arasında daha çox ünsiyyət və qarşılıqlı anlaşma tələb edir".
"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib.
“Azərbaycanın Çinə ixracının dəyəri ötən il 210 milyon ABŞ dolları, bu ilin 10 ayında isə 240 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 % çoxdur. Çinin Azərbaycandan 10 aylıq idxalının 95 %-ni neft-kimya məhsulları təşkil edib. İdxalın qalan hissəsi isə dəri (1,9 milyon ABŞ dolları), içki və şərab (340 min ABŞ dolları), kakao və digər məmulatlar (320 min ABŞ dolları) və s. olub”, - deyə o qeyd edib.
Bundan başqa, səfirlik rəsmisi bildirib ki, Azərbaycan bütün növ məhsullara Çin bazarında alıcı tapa bilər, lakin təbliğ olunan məhsullar istehlakçıların diqqətini daha tez cəlb edir: "Əksər çinli istehlakçılar üçün Azərbaycan yeni, sirli ölkədir. Onlar Azərbaycan məhsullarını sınamağa çox həvəslidir. İlk növbədə bu amil Azərbaycan məhsullarının Çin bazarına girişini asanlaşdırır. Azərbaycan öz brendlərini ön plana çıxarmalı, unikal coğrafi, tarixi və mədəni əhəmiyyətinə toxunmalı, məhsulların əlavə dəyərini artırmalıdır. Biz daha çox Azərbaycan şirkətlərinin Çin bazarının tələblərini daha dərindən dərk etmək üçün ölkəmizdə keçirilən müxtəlif sərgilərdə fəal iştirakını alqışlayırıq. Çin idxalı təşviq etmək və dəstəkləmək üçün 2018-ci ildən etibarən Beynəlxalq İdxal Sərgisi keçirir və bu, idxal mövzusunda dünyada ilk milli sərgisidir. Bu ay keçirilmiş yarmarkanın V sessiyasında 145 ölkədən, regiondan və beynəlxalq təşkilatlardan 2 800-dən çox şirkət, o cümlədən dünyada ən yaxşı 500 şirkətdən 284-ü iştirak edib”.