Samirə Musayeva: "Son 10 ildə iqlimin dəyişməsi ilə qlobal ÜDM-in 1,3 %-i qədər itki qeydə alınıb"

Biznes
  • 29 oktyabr, 2025
  • 11:29
Samirə Musayeva: Son 10 ildə iqlimin dəyişməsi ilə qlobal ÜDM-in 1,3 %-i qədər itki qeydə alınıb

Son 10 ildə baş vermiş iqlim dəyişikliklərindən irəli gələn böyük iqlim fəlakətləri nəticəsində dünya üzrə ÜDM-in 1,3 %-i həcmində itkilər qeydə alınıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.

O qeyd edib ki, iqlim dəyişikliklərinin fəsadları və yaxud atmosferə atılan istixana qazları dünya üçün fəsadlar törətməklə yanaşı, iqtisadi resursların qeyri-səmərəli istifadəsinə səbəb olur: "Bu da ölkələrin iqtisadi və ərzaq təhlükəsizliyinə, sənayenin uzunmüddətli dayanıqlı inkişafına ciddi təhdidlər yaradır".

Vergi rəsmisinin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi etmiş ölkə kimi "yaşıl iqtisadiyyat", "yaşıl enerji" mövzularında marağını artıq qlobal ictimaiyyətə çatdırıb: "Bizim üçün bu mövzu yalnız COP-a ev sahibliyi etmiş il çərçivəsində aktual deyil, bütövlükdə orta müddətli dövrdə ölkənin həm də iqtisadi inkişaf prioritetləri müəyyən edilərkən "yaşıl iqtisadiyyat"a keçid və bu zaman sahibkarın enerji səmərliliyi diqqətə alınır".