Şahin Mustafayev: "Azərbaycanla İran arasında ticarət dövriyyəsi 58% artıb"
- 18 yanvar, 2017
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, görüşdə Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb: "Son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib, dövlət başçıları 7 dəfə görüşüb, 100-dək səfər həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Azərbaycan-İran siyasi əlaqələrinin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına da böyük imkanlar yaradır. Son illərdə ölkələrimiz arasında "Xudafərin" və "Qız Qalası" sazişi, eləcə də "Ordubad" və "Marazad" su elektrik stansiyalarının tikintisi və istismarı haqqında" saziş imzalanıb və qüvvəyə minib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi artıq yekunlaşır".
Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir: "Ötən ilin yanvar-noyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb. Ötən il Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə avtomobil istehsalı zavodunun təməli qoyulub, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı istifadəyə verilib. Bu ilin yanvarın 16-da isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməli qoyulub. Viza rejiminin sadələşdirilməsi və "ASAN Viza"nın tətbiqi nəticəsində İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər. Kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var".
Ə.Rəbii son illər iki ölkə arasındakı münasibətlərin tarixində ən yüksək səviyyədə olduğunu vurğulayıb: "Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməlinin qoyulması mühüm hadisədir. İran mediasında bu layihə "Dostluq" layihəsi adlandırılıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Eyni zamanda Azərbaycan iş adamlarının İranda yerləşən sənaye zonalarında fəaliyyəti üçün imkanlarımız genişdir".
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.