Şahin Bağırov: "Ağbənd keçid məntəqəsi layihəsi yaxın zamanlarda tamamlanacaq"
- 08 may, 2026
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaxın zamanda Ağbənd keçid məntəqəsi layihəsinin başa çatdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qarşıda işğaldan azad olunmuş ərazilərdə gömrük nəzarətinin təşkili ilə bağlı mühüm vəzifələr dayanır: "Bildiyiniz kimi, Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılıb və fəaliyyət göstərir. Orada əməkdaşlarımız yüklərin və ərazilərə gətirilən malların rəsmiləşdirilməsi, eləcə də gömrük nəzarətinin həyata keçirilməsi ilə məşğuldurlar".
Ş. Bağırov qeyd edib ki, bununla yanaşı, keçid məntəqələrinin yaradılması istiqamətində də işlər aparılır: "Bir müddət əvvəl Laçın buraxılış məntəqəsində gömrük nəzarət məntəqəsi yaradılıb. Hazırda isə Ağbənd keçid məntəqəsi üzərində işlər davam etdirilir. Yaxın zamanda həmin layihənin də tamamlanması nəzərdə tutulur. Digər istiqamətlər üzrə də gömrük orqanlarına aid edilmiş məsələlərlə bağlı fəaliyyətimizi davam etdirəcəyik".