Sahil Babayev Serbiya şirkətlərini Azərbaycanda həyata keçirilən yeni layihələrdə fəal iştiraka dəvət edib
- 23 oktyabr, 2025
- 17:41

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və biznes forum keçirilib.
Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Komissiyanın həmsədrləri – maliyyə naziri Sahil Babayev və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç arasında iclasdan əvvəl keçirilən təkbətək görüşdə iki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və informasiya texnologiyaları, gömrük, kənd təsərrüfatı, turizm, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, eləcə də qida təhlükəsizliyi sahələrində əməkdaşlığın mövcud vəziyyəti və yeni imkanlar ətraflı müzakirə olunub, Komissiyanın IX iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Komissiyanın iclasında çıxış edən S.Babayev iki ölkə arasında strateji tərəfdaşlığın qarşılıqlı etimada, dostluğa və hörmətə əsaslandığını vurğulayıb. Nazir qeyd edib ki, prezidentlər İlham Əliyev və Aleksandar Vuçiçin güclü siyasi iradəsi və şəxsi dostluğu Azərbaycan–Serbiya münasibətlərinin möhkəm təməlini formalaşdırır. Onun sözlərinə görə, dövlət başçılarının son illərdəki qarşılıqlı səfərləri və beynəlxalq tədbirlər çərçivəsində görüşləri iki ölkə arasında strateji dialoqun dərinliyini aydın şəkildə nümayiş etdirir.
Nazir həmçinin Serbiya Milli Assambleyasının sədri xanım Ana Brnabiçin Azərbaycana son səfəri ilə möhkəmlənən parlamentlərarası əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
İqtisadi və ticarət sahəsində əməkdaşlıqdan danışan nazir bildirib ki, Azərbaycanla Serbiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artması, işgüzar missiyaların təşkili və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi iki ölkənin strateji maraqlarına xidmət edir: "Serbiya Cənub-Şərqi Avropada Azərbaycanın mühüm tərəfdaşıdır. Qarşıdakı dövrdə iqtisadi, maliyyə, sənaye, turizm, nəqliyyat və enerji kimi sahələrdə birgə layihələrin reallaşması bu əməkdaşlığı daha da genişləndirəcək".
Qeyd olunub ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri avtomagistral layihələri uğurla həyata keçirir. S.Babayev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidənqurulmasında Serbiya şirkətlərinin iştirak marağı məmnunluqla qarşılanır və bu sahədə əməkdaşlıq iqtisadi əlaqələri daha da dərinləşdirəcək.
Enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi Komissiyanın iclasında diqqət mərkəzində olub. Qeyd olunub ki, Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub. Azərbaycanın Dövlət Neft Fondu Serbiyada 72,7 milyon ABŞ dolları həcmində investisiya portfelinə malikdir, həmçinin Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə SOCAR, EPS və Srbijagas şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq.
Nazir nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğunu qeyd edərək, Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və "Yaşıl Enerji Dəhlizi" kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.
Nazir Serbiyanın "EXPO 2027 Belqrad" sərgisinə ev sahibliyi edəcəyinə görə təbriklərini çatdırıb və Azərbaycanın bu sərgidə fəal iştirak edəcəyini bildirib.
Nikola Selakoviç çıxışında Azərbaycanla Serbiya arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda prinsipləri üzərində qurulduğunu, bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. O, iki ölkə arasında tikinti, infrastruktur, nəqliyyat, ticarət, kənd təsərrüfatı, enerji, mədəniyyət və turizm kimi sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Selakoviç həmçinin Serbiya və Azərbaycanın suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan, dostluq və qarşılıqlı etimada söykənən münasibətlərini bir daha təsdiqləyib, Azərbaycanın Kosovonun birtərəfli qaydada elan olunmuş "müstəqilliyini" tanımadığına və Serbiyaya beynəlxalq təşkilatlar çərçivəsində göstərilən ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.
O, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını və bunun 2013-cü il Strateji Tərəfdaşlıq Bəyannaməsi, 2018-ci il Birgə Fəaliyyət Planı və 2022-ci il Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Anlaşma Memorandumu ilə rəsmiləşdirildiyini qeyd edib. Selakoviç Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının 2025-ci ilin sonuna qədər keçirilməsinə ümid etdiyini də vurğulayıb.
Selakoviç 2027-ci ilin may–avqust aylarında Belqradda keçiriləcək "EXPO 2027 Belqrad" sərgisində Azərbaycanı bir daha iştirak etməyə dəvət edib və Azərbaycan Respublikasının bu sərgidə fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.
İclas başa çatdıqdan sonra S. Babayev və N. Selakoviç tərəfindən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasının nəticələrinə dair protokol, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov və Serbiya İnkişaf Agentliyinin Beynəlxalq əməkdaşlıq sektorunun direktoru Nikola Yankoviç tərəfindən Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərin icrası üzrə Yol Xəritəsi imzalanıb.
Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Mətbuat konfransı bitdikdən sonra dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. Forumda Sahil Babayev və Nikola Selakoviç çıxış ediblər.
S.Babayev çıxışında Birgə Komissiyanın IX iclasının nəticələrinin Azərbaycan–Serbiya münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdiyini bildirib. O, hökumətlərarası dialoqun iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün etibarlı platforma yaratdığını, biznes icmalarının isə bu prosesin əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasəti şəffaflıq, dayanıqlılıq və diversifikasiya prinsiplərinə əsaslanır. S.Babayev ölkəmizdə biznes mühiti üçün geniş imkanların mövcud olduğunu qeyd edib və xüsusilə Ələt Azad İqtisadi Zonası, həmçinin Asiyanı Avropa ilə birləşdirən "Orta Dəhliz" layihəsi çərçivəsində formalaşan yeni nəqliyyat və logistika infrastrukturunun investorlar üçün böyük potensial yaratdığını diqqətə çatdırıb.
O, Serbiya şirkətlərini Azərbaycanda həyata keçirilən yeni layihələrdə fəal iştirak etməyə, Azərbaycan şirkətlərini isə Serbiya və daha geniş Balkan regionunda əməkdaşlığı genişləndirməyə dəvət edib.
Nazir çıxışının sonunda Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib, forum iştirakçılarına səmərəli müzakirələr və yeni biznes razılaşmalarının əldə olunmasını arzulayıb.
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Biznes Forumda çıxış edib.
Biznes forumda ümumilikdə 50-dən artıq şirkət, o cümlədən Azərbaycandan 16 şirkət iştirak edib.