Sabirabad Sənaye Məhəlləsinin yaradılması işləri davam etdirilir

Biznes
  • 09 fevral, 2018
  • 16:37
Sabirabad Sənaye Məhəlləsinin yaradılması işləri davam etdirilir

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sabirabad Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək digər sənaye məhəllələrində olduğu kimi, Sabirabad Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturun dövlət tərəfindən yardılacağını qeyd edib:

“Sənaye Məhəlləsində regionunun iqtisadi potensialına uyğun olaraq, yun tədarükü, pambıqtəmizləmə, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistik mərkəz yaradılacaq. Məhəllədə tikinti işlərinin birinci mərhələsinin 2018-ci ilin iyul ayında başa çatdırılaraq sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur”.

N.Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Sabirabad Sənaye Məhəlləsi ilə six əməkdaşlığa dəvət edib.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf deyib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən ümumi sahəsi 7605 kvadratmetr olan 3 istehsal sahəsi, 1060 kvadratmetr sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar tikilərək sahibkarların istifadəsinə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı müvafiq tədbirlər görülür.

Sahibkarlar Sabirabad Sənaye Məhəlləsinə maraqlarını ifadə edib, reallaşdırılmasını nəzərdə tutduqları layihələr barədə məlumat veriblər.

Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.